Əmizdirmənin tənzimlənməsi

Ana südü ilə düzgün qidalandırılmanın ən əsas prinsiplərindən biri – uşağı onun tələbatına görə yedizdirməkdir.

Bunun mənası nədən ibarətdir? Bunun mahiyyəti ondan ibarətdir ki, uşağı istənilən səbəbə görə (oyandı, ağladı, narahatdır və s.) əmizdirmək lazımdır. Yəni uşaq nə vaxt istəyirsə, nə qədər əmmək istəyirsə, bunun üçün ona müvafiq şərait yaratmaq lazımdır. Bu, yalnız uşağın yedizdirilərək doyuzdurulması uçün deyil, onun psixoemosional rahatlığı üçün də çox vacibdir. Uşağın özünü rahat hiss etməsi üçün, uşaq 1 saat ərzində 4 dəfəyədək əmizdirilə bilər. Bundan heç də qorxuya düşmək, çəkinmək lazım deyil. Bu yalnız ilk dörlərdə baş verə bilər. Daha sonra uşaq özünün fərdi qidalandırılma ritmini yaradır ki, bu zaman onun əmizdirilməsi arasında olan fasilələr get-gedə artmış olur.

Daha bir vacib göstərici əmizdirilmənin müddətidir ki, onu da uşaq özü tənzimləyir: uşaq özü ananın döşünü buraxmayana qədər onu döşdən ayırmaq olmaz! Əks halda, uşaq doymayacaq, ananın döş giləsində isə müəyən problemlər yarana bilər. Bütün uşaqlar heç də eyni qaydada əmmirlər – bəziləri hər hansı bir fasilə vermədən tez-tez əmir, digərləri isə əksinə, hər damcını belə iştahla yeyir. Ona görə bəzi uşağa doymaq üçün aktiv şəkildə 10 dəqiqə əmmək kifayət edirsə, digərinə bunun üçün yarım saat, bəzən isə daha çox vaxt lazım olur. Analar bunu mütləq nəzərə almalı və səbirli olmalıdırlar!

Ana südü ilə qidalandırılma zamanı heç bir qrafik və cədvəllərə əməl edilməsi lazım deyil. Tez-tez və uzunmüddətli əmizdirilmələr zamanı uşağın normadan çox yeyə biləcəyi qorxusunun ciddi bir əsası yoxdur. Çünki ana südü uşağın mədəsində ləngimir və 15 dəqiqədən sonra nazik bağırsağa keçir. Uşağın bağırsağı isə ana südünü praktik olaraq qeyri-məhdud miqdarda həzm etmək qabiliyyətinə malikdir!

Müəyyən olunmuşdur ki, ana südü özüözünü “həzm etməyə” kömək edir. Bildiyimiz kimi, onun tərkibində bir sıra fermentlər də vardır. Məhz onların təsiri altında südün tərkibində olan yağlar və digər qida maddələri tez bir zamanda asanlıqla həzm olunur. Beləliklə, uşaq öz orqanizminə heç bir zərər vermədən, praktik olaraq daim ana südünü əmərək onu mənimsəmək qabiliyyətinə malikdir!
Ardı →

Uşağı ana südündən ayırma qaydası

Ümumdünya Səhiyyə təşkilatı uşaqları 2 yaşına qədər əmizdirməyi tövsiyə edir. Bəzi uşaqlar müəyyən yaşda ana südündən imtina edirlər, bəziləri isə hətta 3 yaşında buna hazır olmurlar.

Əgər qadın uşağını ana südündən ayırmağa qərar veribsə (çalışın bu, uşağın 1,5-2 yaşından tez olmasın), çox səbirli olmalıdır (proses müəyyən vaxt tələb edəcək). Lakin uşaq buna görə çox əsəbləşirsə, tərslik edirsə, bu o deməkdir ki, uşaq buna hazır deyil və ana bir qədər gözləməlidir.
Süd azdırsa (adətən, laktasiyanı qurtarana yaxın süd də az miqdarda ifraz olunur), laktasiyanı dayandırmaq üçün sadəcə, əmizdirməni kəsin və gözləyin. Süd çoxalarsa və süd vəzilərində narahatlıq hiss edərsinizsə, bir qədər süd sağın (süd vəzilərində gərginlik azalana qədər). Əgər siz süd vəzinizi tam boşaldarsınızsa, laktasiya daha artacaq.  
Süd vəzilərində narahatlıq hissi yenidən əmələ gələrsə, bu proseduru təkrar edin. Bu yolla süd də tədricən azalacaqdır. 
Əvvəllər laktasiyanı azaltmaq üçün qadınlara süd vəzilərini sıx bağlamaq və mayeni az qəbul etmək məsləhət edirdilər. Lakin indi həkimlər bunların əleyhinədirlər. 
Laktasiyanın azalmasına bəzi xalq təbabəti üsulları kömək edə bilər. Belə ki, sürvə (adaçayı) və nanə dəmləmələri çox yaxşı effekt verir.    
Laktasiyanın dayandırılmasından sonra laktostaz və mastitin təhlükəsi artır. Bu səbəbdən qadın çox diqqətli olmalıdır. Əgər süd vəzilərinizdə bərkimiş ağrılı sahələr, güclü ağrı hiss olunarsa, hərarət qalxarsa, dərhal həkimə müraciət edin. 


Ardı →